Yeni QHT Konsepsiyası: zamanın çağırışı və müzakirələrin başlanğıcı

Son günlər qeyri-hökumət təşkilatlarının (QHT) inkişafı və bu sahədə dövlət dəstəyi siyasətinin gələcəyi ətrafında artan maraq təsadüfi deyil. Sosial media hesabında fikirlərini bölüşən Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev qeyd edir ki, yeni QHT Konsepsiyasının hazırlanması təşəbbüsü və vətəndaş cəmiyyətinə açıq çağırış edilməsi həm diqqətəlayiq, həm də müsbət addımdır.
Əliməmməd Nuriyevin sözlərinə görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüs göstərməsi, təkliflərin toplanacağını elan etməsi və geniş ictimai müzakirə üçün imkan yaratması, prosesin qapalı yox, ictimai iştirakçılıq əsasında aparılmasına verilən önəmi göstərir. O bildirir ki, bu çağırış Agentliyin son illərdə vətəndaş cəmiyyəti ilə bağlı normativ və konseptual təşəbbüslərdə, o cümlədən parlament müzakirələrində tutduğu ardıcıl mövqenin məntiqi davamıdır.
Əliməmməd Nuriyevin fikrincə, yeni Konsepsiya ilə bağlı müzakirənin təşviq edilməsi inzibati qərardan daha çox, ictimai dialoqa açıq yanaşmanın göstəricisidir. Hazırkı mərhələdə dövlət siyasətinin bu sahədə gələcək konturlarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə başlanır və müxtəlif yanaşmalar səslənəcək. Onun sözlərinə görə, hər bir yanaşmanın öz arqumentləri olacaq və onları əvvəlcədən istisna etmək doğru olmazdı.
Əliməmməd Nuriyev sosial mediada bildirir ki, bu yazı həmin prosesin başlanğıcına töhfə vermək, müzakirəyə qoşulmaq və ilkin yanaşmaları bölüşmək niyyəti ilə qələmə alınıb. Məqsəd yekun qərar vermək deyil, müzakirənin sağlam və məhsuldar məcrada başlaması üçün kontekst yaratmaqdır.
Köhnə çərçivə niyə dar gəlir?
Əliməmməd Nuriyevin sözlərinə görə, 2007-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” öz dövrü üçün mühüm rol oynayıb. Lakin sənədin qəbulundan təxminən 20 il keçib və Azərbaycan cəmiyyəti, dövlət idarəçiliyi və beynəlxalq mühit keyfiyyətcə fərqli mərhələyə keçib. Bu reallıq fonunda mövcud çərçivənin qarşıdakı dövr üçün nə dərəcədə yetərli olduğu artıq açıq müzakirə mövzusuna çevrilib.
Əliməmməd Nuriyev sosial şəbəkə hesabında vurğulayır ki, son 20 ildə:
Azərbaycan post-işğal dövrünə keçib və tamamilə yeni siyasi-sosial reallıq formalaşıb;
Regional və qlobal təhlükəsizlik mühiti dəyişib;
Beynəlxalq hüququn tətbiqi ilə bağlı yeni çağırışlar və qeyri-müəyyənliklər yaranıb;
Bir çox ölkələrdə vətəndaş cəmiyyəti institutlarına münasibət daha ehtiyatlı və məhdudlaşdırıcı xarakter alıb;
Texnoloji transformasiya, xüsusilə süni intellekt və rəqəmsal mühit, QHT fəaliyyətinin formasına və məzmununa birbaşa təsir göstərib.
Əliməmməd Nuriyev bildirir ki, bu reallıqlar fonunda mövcud Konsepsiya üzərində işləmək, əslində, yeni məzmunu köhnə düşüncə çərçivəsinə uyğunlaşdırmaq cəhdi kimi görünür. Bu yanaşma indiki mərhələdə həm konseptual, həm də praktik baxımdan gələcək dövrün tələblərinə cavab vermir.
Müzakirə olunan yanaşmalar və mümkün modellər
Sosial mediada fikirlərini paylaşan Əliməmməd Nuriyev qeyd edir ki, dövlət dəstəyi siyasətinin yenilənməsi ilə bağlı bir neçə yanaşma müzakirə olunur:
Mövcud Konsepsiya üzərində dəyişikliklər aparmaq;
Mərhələli (hibrid) model tətbiq etmək;
Tamamilə yeni Konsepsiya hazırlamaq.
Əliməmməd Nuriyevin sözlərinə görə, hər yanaşmanın müəyyən arqumentləri var və onların müzakirəsi təbiidir. Lakin vaxt amili, çağırışlar və prosesin dinamikası da nəzərə alınmalıdır. Əsas məsələ sadəcə variantları sadalamaq deyil, mövcud şəraitdə hansı modelin daha məqsədəuyğun və icra edilə bilən olduğunu düzgün dəyərləndirməkdir.
Yeni Konsepsiya hansı məntiq üzərində qurulmalıdır?
Əliməmməd Nuriyev bildirir ki, gələcək Konsepsiya:
Vətəndaş cəmiyyətini formal tərəf yox, real tərəfdaş kimi nəzərdən keçirməlidir;
QHT-lərin milli prioritetlərə töhfəsini ölçülə bilən mexanizmlərlə müəyyən etməlidir;
Nəticə və təsir əsaslı dəstək modelini ön plana çəkməlidir;
Texnoloji dəyişiklikləri və qlobal mühiti nəzərə almalıdır;
Vətəndaş cəmiyyətinin institusional keyfiyyətini və dayanıqlığını gücləndirməlidir.
Onun sözlərinə görə, Konsepsiya 2026–2030-cu illəri əhatə edən, icra oluna bilən fəaliyyət planı ilə müşayiət olunan sənəd kimi hazırlanmalıdır. Müasir şəraitdə uzunmüddətli, abstrakt çərçivələr tez köhnəlir; orta müddətli proqramlar isə həm icranı sürətləndirir, həm də məsuliyyəti artırır.
Seçim mərhələsindən icra mərhələsinə keçid
Əliməmməd Nuriyev sosial mediada qeyd edir ki, aparılan müzakirələr göstərir ki, artıq məsələni yalnız seçim müstəvisində saxlamaq kifayət etmir. Vaxt amili və dəyişən reallıqlar konkret qərarlara doğru irəliləməyi zəruri edir. Yeni QHT Konsepsiyasının hazırlanması bu mərhələdə alternativlərdən biri kimi deyil, obyektiv ehtiyac kimi nəzərdən keçirilməlidir.
Əliməmməd Nuriyevin sözlərinə görə, əsas məsələ müzakirəni davam etdirməklə yanaşı, onu aydın məqsədi olan və icra mərhələsinə keçə bilən prosesə çevirməkdir. Bu yazını da həmin keçid üçün ilkin düşüncə və açıq çağırış kimi oxumaq olar. Onun vəzifəsi müzakirəni stimullaşdırmaq, müxtəlif yanaşmaları işıqlandırmaq və vətəndaş cəmiyyəti ilə dövlət arasında sağlam, nəticəyönümlü dialoqun formalaşması üçün kontekst yaratmaqdır.