Ramiz Mehdiyevin məhkəməyə gəlməməsi ilə bağlı AÇIQLAMA
Hüquqşünas mümkün hüquqi nəticələri açıqlayıb
Ramiz Mehdiyev oktyabrın 5-də keçiriləcək məhkəmə iclasında da iştirak etməyə bilər.
Xatırladaq ki, sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev səhhəti ilə bağlı səbəbdən iclasda iştirak etməyib.
Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda iş məhkəmə baxışına verilib və növbəti iclasın oktyabrın 5-də keçirilməsi qərara alınıb.
Modern.az xəbər verir ki, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Ramiz Mehdiyevin növbəti iclasa gəlməməsinin mümkün hüquqi nəticələrini açıqlayıb.
O bildirib ki, Cinayət-Prosessual Məcəllənin 311.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəmə baxışının bütün iclaslarında iştirakı təmin edilməlidir.
Ə.Nuriyevin sözlərinə görə, şəxsin iştirakı olmadan məhkəmə baxışının keçirilməsinə yalnız qanunda nəzərdə tutulan müstəsna hallarda yol verilir.
Hüquqşünas qeyd edib ki, səhhətində yaranan problem əsaslı və üzrlü səbəb kimi qiymətləndirilərsə, məhkəmə iclası təxirə salına bilər. Üzrlü səbəb olmadan iştirak etmədiyi halda isə məcburi gətirilmə barədə qərar qəbul edilə bilər.
Ə.Nuriyev əlavə edib ki, məhkəməyə gəlməmək qətimkan tədbirinin avtomatik olaraq ağırlaşdırılması anlamına gəlmir. Qərar konkret hallar araşdırıldıqdan sonra məhkəmə tərəfindən qəbul edilir.
