Ekspert: Süni intellekt şagirdlərin düşünmə qabiliyyətinə təsir göstərə bilər
“Texnologiyadan istifadədə müəyyən qədər ehtiyatlı olmalıyıq”
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan memorandum Azərbaycanda süni intellektin təhsil prosesində tətbiqinin genişləndirilməsini nəzərdə tutur.
Planlara əsasən, şagirdlərin öyrənmə prosesinin təhlili və fərdi ehtiyaclarına uyğun tədris materiallarının hazırlanması imkanları yaradılacaq.
Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, süni intellektin təhsildə istifadəsi ilə yanaşı, mümkün risklər də nəzərə alınmalıdır.
Ekspert bildirib ki, şagirdlərin müxtəlif suallara cavab tapmaq üçün daim smartfon və planşetlərdən istifadəsi onların müstəqil düşünmə və məlumatı təhlil etmə bacarıqlarına təsir göstərə bilər.
“Demirəm ki, bu tətbiqdən geri qalaq. Sadəcə olaraq, onun istifadəsində müəyyən qədər ehtiyatlı davranmalıyıq”, – deyə M.Məmmədli vurğulayıb.
Onun sözlərinə görə, süni intellektin təhsil sisteminə inteqrasiyası zamanı şagirdlərin texnologiyadan düzgün istifadə etməsi üçün müvafiq maarifləndirmə aparılmalıdır.
Ekspert qeyd edib ki, müəllim və mütəxəssislərin hazırlanması da əsas məsələlərdən biridir. Onun fikrincə, şagirdlərin süni intellektlə bağlı özbaşına buraxılması müəyyən fəsadlara səbəb ola bilər.
M.Məmmədli həmçinin bildirib ki, Azərbaycan ictimaiyyətini dünyada baş verən texnoloji yeniliklərdən təcrid etmək mümkün deyil və əsas məqsəd bu imkanlardan düzgün istifadəni təmin etməkdir.
