Azərbaycan və Rusiya prokurorluqları yeni proqram imzaladı
Kamran Əliyev Aleksandr Qutsanla görüşüb
Azərbaycan Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri davam edir.
Səfər çərçivəsində Kamran Əliyev Rusiyanın Baş prokuroru Aleksandr Qutsanla görüşüb.
Görüşdə Azərbaycan-Rusiya münasibətləri, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və onun inkişaf perspektivləri müzakirə olunub.
Kamran Əliyev iki ölkə arasında tarixən formalaşmış siyasi, mədəni və hüquqi əlaqələrə diqqət çəkib. O, Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasındakı münasibətlərin dövlətlərarası əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində mühüm rol oynadığını bildirib.
Baş prokuror qeyd edib ki, iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq hüquqi təcrübə və qanunvericiliyin öyrənilməsi, cinayət işləri üzrə hüquqi yardım göstərilməsi və cinayət törətmiş şəxslərin verilməsi kimi istiqamətlərdə davam etdirilir.
Aleksandr Qutsan iki ölkənin prokurorluqları arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu bildirib və əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər konkret cinayət işləri ilə bağlı da müzakirələr aparıblar.
Görüşün sonunda Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu arasında 2027–2028-ci illər üçün Əməkdaşlıq Proqramı imzalanıb.

