“T-Kredit”in fəaliyyəti dayandırılır
Mərkəzi Bank lisenziyanı ləğv edib
Azərbaycan Mərkəzi Bankı “T-Kredit” BOKT MMC-nin lisenziyasını ləğv edib.
“Ölkə.az”ın məlumatına görə, BKT-51 nömrəli lisenziya 2026-cı il iyulun 28-də verilib.
“T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi və BOKT-a çevrilməsi nəticəsində yaradılıb. “Bank BTB”nin lisenziyası bundan bir gün əvvəl – iyulun 27-də ləğv edilib.
Məlumata görə, “Bank BTB”nin 76,7 faizlik səhmləri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus olub. Rza Sadığın payı 17,7 faiz, Tükəzban Mahmudovanın payı isə 5,6 faiz təşkil edib.
Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib. O, 2019-2022-ci illərdə AMEA prezidenti olub.
Hazırda Ramiz Mehdiyev və onun sabiq köməkçisi Eldar Əmirovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Mərkəzi Bankın qərarı ilə “Fintrend” BOKT-un lisenziyası da ləğv edilib. Qərarın qəbuluna prudensial tələblərin pozulması və Mərkəzi Banka təhrif edilmiş hesabatların təqdim olunması səbəb olub.
Qanunvericiliyə əsasən, lisenziyası ləğv edilən BOKT qərar qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və qanunla müəyyən edilmiş qaydada ləğv olunur.
