Prezident Si Cinpini təbrik edib
İlham Əliyev Azərbaycan-Çin strateji tərəfdaşlığının inkişafını vurğulayıb
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.
Məktub 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə ünvanlanıb.
İlham Əliyev Çin Sədrini və Çin xalqını bayram münasibətilə təbrik edərək Çinin müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Prezident Azərbaycan ilə Çin arasında siyasi dialoqun, qarşılıqlı etimad və anlaşmanın yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Məktubda son dövrdə iqtisadi-ticari, nəqliyyat, logistika, enerji, investisiya, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndiyi diqqətə çatdırılıb.
Həmçinin ölkələr arasında vizasız gediş-gəliş rejiminin insanlararası əlaqələrin və turizmin inkişafına töhfə verdiyi bildirilib.
İlham Əliyev “Kəmər və yol” təşəbbüsü, Orta Dəhliz və digər regional bağlantı layihələrinin əhəmiyyətini vurğulayıb.
Prezident enerji sahəsində əməkdaşlığın da yeni mərhələyə keçdiyini qeyd edib. “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində fəaliyyəti və “Qobustan” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi buna nümunə göstərilib.
Dövlət başçısı Azərbaycan-Çin dostluğunun və strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
