Beyləqanda prokurorluğun 108 illiyi qeyd edilib
Əməkdaşlara Fəxri Fərmanlar təqdim olunub
Beyləqanda 1 Oktyabr – Prokurorluq İşçilərinin Peşə Bayramı və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Gənclər Evində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, prokurorluq orqanları qanunçuluğun təmin edilməsi, hüquq və azadlıqların müdafiəsi, cinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının qorunmasında mühüm rol oynayır.
İcra başçısı Azərbaycan prokurorluğunun inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların əhəmiyyətindən danışıb.
Tədbir çərçivəsində bir qrup prokurorluq əməkdaşına Beyləqan RİH başçısının Fəxri Fərmanları təqdim olunub.
Çıxış edən hüquq-mühafizə orqanlarının rəhbərləri prokurorluqla əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Beyləqan rayon prokuroru Elşad Əzimov göstərilən diqqətə görə təşəkkür edib və əməkdaşların bundan sonra da öz vəzifələrini peşəkarlıqla yerinə yetirəcəklərini bildirib.
Tədbirin sonunda Beynəlxalq Ahıllar Günü münasibətilə ağsaqqallar təbrik edilib.
