Alimlər ağciyər xərçəngi hüceyrələrinin dərmanlara necə müqavimət göstərdiyini aşkar ediblər

Alimlər müəyyən ediblər ki, ağciyər xərçəngi hüceyrələri mutasiyaya uğramış EGFR genini qorumaq və dərmanların təsirindən yayınmaq üçün molekulyar “mühafizəçilərdən” istifadə edir. Bu barədə A*STAR Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun (ASTAR IMCB) apardığı tədqiqatda deyilir. Araşdırma Science Advances jurnalında dərc olunub.
Məlumata görə, EGFR mutasiyaları hüceyrələrin nəzarətsiz böyüməsinə səbəb olur və xüsusilə Cənub-Şərqi Asiyada ağciyərin adenokarsinoması hallarında geniş yayılıb — bəzi regionlarda bu göstərici 60 faizə çatır. Hədəfli dərmanlar ilkin mərhələdə effektli olsa da, əksər xəstələrdə zamanla dərmanlara davamlılıq formalaşır.
Tədqiqatçılar müəyyən ediblər ki, xərçəng hüceyrələri ətraf mühiti ATP adlı enerji molekulu ilə zənginləşdirir. ATP hüceyrə səthində yerləşən P2Y2 reseptorunu aktivləşdirir və bu reseptor integrin β1 adlı zülalı cəlb edərək mutasiyaya uğramış EGFR ətrafında “qoruyucu baryer” yaradır. Bu baryer EGFR-nin hüceyrədaxili “parçalanma mərkəzinə” daxil olmasına mane olur və nəticədə şiş böyüməyə davam edir.
P2Y2 reseptoru və integrin β1 zülalının yüksək səviyyələri ağciyər xərçəngi diaqnozu qoyulmuş 29 pasiyentin şiş toxumalarında aşkarlanıb.
Araşdırmanın həmmüəllifi doktor Qandi Buopati bildirib ki, xərçəng hüceyrələri mutasiyaya uğramış zülalı məhv olmaqdan qorumaq üçün molekulyar “cangüdənlərdən” istifadə edir.
Laboratoriya şəraitində bu mexanizmin aradan qaldırılması mutasiyaya uğramış EGFR-nin demək olar ki, tam itirilməsinə səbəb olub. Bundan əlavə, alimlər brokkoli və kələm kimi tərəvəzlərdə rast gəlinən təbii birləşmə — kemferolu da sınaqdan keçiriblər. Dərmanlara davamlı şişlərin 24 gün ərzində gündəlik kemferol ilə müalicəsi onların ölçüsünü əhəmiyyətli dərəcədə azaldıb, normal EGFR-ə malik hüceyrələrə isə təsir göstərməyib.
Professor Vanjin Honqun sözlərinə görə, P2Y2-yə təsir etməklə təkcə mutasiyanın özünə deyil, onu sabit saxlayan mexanizmə də zərbə vurmaq mümkündür.
Tədqiqatçılar hesab edirlər ki, bu yanaşma mövcud müalicə üsullarını tamamlayaraq dərmanlara davamlılığın qarşısının alınmasına və ağciyər xərçənginin müalicəsində yeni imkanların açılmasına kömək edə bilər.