Kəndlinin sıxışdırılması sosial partlayışa aparan yoldur

Elnurə Abuşova yazır:
“Metro stansiyalarının ətrafında açıq şəkildə sosiska və kolbasa satılır. Məgər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bunu görmür? Əlbəttə görür, amma tədbir görülmür. Azadlıq metrosunun yaxınlığında onların böyük inzibati binası yerləşir, əməkdaşlar hər gün həmin satış nöqtələrinin yanından keçərək işə gedirlər.
Bir kəndlimiz 5–6 qonşusunun süd məhsullarını və həyətdə bəslədiyi ev quşlarını həftədə bir dəfə Bakıya gətirir. O, 30 ildir həm özünün, həm də qonşularının dolanışığını bu yolla təmin edir. Məhsulları daim eyni yerdə satır. Əgər indiyədək zəhərlənmə halı baş verməyibsə, deməli, ciddi problem olmayıb. Çünki təhlükə olsaydı, eyni məkanda uzun illər satış aparmaq mümkün olmazdı.
Son vaxtlar isə AQTA buna imkan vermir. Bildirilir ki, hər dəfə məhsul gətirilərkən ən azı 200 manat xərclənərək laborator müayinədən keçmək və müvafiq sənəd almaq lazımdır. Halbuki həmin şəxs bir reysdə 200 manat qazanc əldə etmədiyini deyir. Sadə vətəndaşın səsini eşidən isə yoxdur.
Naxçıvanın ucqar kəndindən məhsul gətirib öz kafesində həmyerlilərinə milli mətbəx nümunələri təqdim edən sahibkara da eyni tələblər irəli sürülüb: dağ kəndinin sakinləri ət və yumurta üçün ayrıca sənəd almalıdırlar.
Bu cür qərarlar kimə lazımdır? Onsuz da Kənd Təsərrüfatı Nazirliyinin kəndlərdəki real vəziyyətdən yetərincə məlumatlı olmadığı barədə fikirlər var. Şəhərdə, inzibati binalarda oturmaqla kəndlinin problemlərini həll etmək mümkün deyil.
Kəndlilər sıxışdırıldıqca onlar fəaliyyətlərini dayandırmağa məcbur qalacaqlar. Nəticədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutub ya iş, ya da işsizlik müavinəti tələb edəcəklər. Bu da mümkün olmadıqda mal-heyvanını, torpağını satıb şəhərə üz tutacaq, kreditlə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmağa çalışacaqlar.
Artıq şəhər sürücülük vərdişi zəif olan taksi sürücüləri ilə doludur. Onlar da bildirirlər ki, bölgələrdə iş olmadığı üçün məcbur qalıb paytaxta gəliblər.”