Ana ölümü - Tibbin ən mürəkkəb və yüksək riskli fəsadlarından biri
![]()
Ana ölümü faciəsi və ictimai ittiham dili: Problemin kökü haradadır?
Doğuş zamanı ana ölümü istənilən cəmiyyət üçün ağır travmadır. Belə hadisələr yalnız bir ailənin deyil, bütün cəmiyyətin ağrısına çevrilir. Lakin bu ağrının fonunda yaranan emosional reaksiyalar bəzən problemin mahiyyətini anlamağa deyil, onu daha da dərinləşdirməyə xidmət edir.
Urbaninfo.az xəbər verir ki, son günlər baş vermiş ana ölümü ilə bağlı sosial şəbəkələrdə və bəzi media resurslarında konkret həkimin açıq şəkildə günahlandırılması bir daha göstərdi ki, cəmiyyət olaraq bu tip faciələrə yanaşmada ciddi balans problemi yaşayırıq. Halbuki tibbi və hüquqi reallıqlar emosional ittihamlarla deyil, faktlar və peşəkar araşdırmalarla müəyyən olunur.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun da sosial media hesabında qeyd etdiyi kimi, cinayət işinin açılması avtomatik olaraq günahın sübuta yetirilməsi demək deyil. Qanunvericilikdə “təqsirsizlik prezumpsiyası” anlayışı təsadüfi deyil və məhz bu kimi hallarda hüquqi çərçivənin qorunması xüsusi əhəmiyyət daşıyır.
Ana ölümü tibbin ən mürəkkəb və yüksək riskli fəsadlarından biridir. Bu cür halların səbəbləri təkcə bir həkimin qərarı ilə məhdudlaşmır. Xəstənin əvvəlki sağlamlıq durumu, doğuşun gedişi, orqanizmin reaksiyası, eyni zamanda bir neçə tibbi amilin üst-üstə düşməsi nəticəni müəyyən edən əsas faktorlardır. Dünyanın inkişaf etmiş səhiyyə sistemlərində belə bu risk tam aradan qaldırılmayıb.
Problemin təhlükəli tərəfi ondan ibarətdir ki, sosial şəbəkələrdə aparılan “ictimai mühakimə” təkcə konkret bir həkimi deyil, bütövlükdə səhiyyə sistemini hədəfə çevirir. İttihamedici və emosional yanaşma gələcəkdə ağır və riskli xəstələrə tibbi yardım göstərən həkimlərdə qorxu və tərəddüd yarada bilər. Bu isə ən kritik anlarda peşəkar qərarların verilməsini çətinləşdirir.
Digər tərəfdən, ana ölümü kimi həssas mövzular reytinq və baxış uğrunda sensasiya predmetinə çevrildikdə, cəmiyyət real suallara cavab tapa bilmir. Əsas diqqət “kim günahkardır?” sualına yönəlir, halbuki “sistem nəyi düzgün etmədi?”, “protokollar yetərlidirmi?”, “profilaktika mexanizmləri necə gücləndirilməlidir?” kimi suallar kölgədə qalır.
Bu baxımdan media və ictimai platformaların məsuliyyəti ikiqat artır. Araşdırma tamamlanmadan konkret şəxslərin hədəf göstərilməsi nə ədalətə, nə də səhiyyənin inkişafına xidmət edir. Həqiqət yalnız müstəqil tibbi ekspertiza və hüquqi istintaqın nəticələri əsasında ortaya çıxa bilər.
Ana ölümü ilə bağlı hər bir hadisə dərs olmalıdır – ittiham üçün yox, sistemin gücləndirilməsi üçün. Əks halda, emosional qəzəb dili ilə həm həkimləri qorxuya salır, həm də gələcəkdə özümüz üçün daha riskli bir səhiyyə mühiti yaradırıq.