ABŞ və Avropa alimləri “Boltsman beyni” paradoksuna yeni baxış təqdim etdilər

ABŞ və Avropadan olan fiziklər müasir elmin ən narahatedici düşüncə eksperimentlərindən biri — “Boltsman beyni” hipotezini təhlil ediblər. Bu hipotezə görə, insanın xatirələri və dünya haqqında təsəvvürləri kainatın real keçmişinin əksi olmaya, sadəcə entropiyanın təsadüfi fluktuasiyalarının nəticəsi ola bilər. Tədqiqat “Entropy” elmi jurnalında dərc olunub.
Araşdırma Santa-Fe İnstitutunun professoru Devid Volpert, tanınmış nəzəri fizik Karlo Rovelli və alim Cordan Şarnhorst tərəfindən aparılıb. Alimlər statistik fizikanın əsas problemlərindən birini — termodinamikanın ikinci qanunu ilə zamanın təbiəti arasındakı fundamental ziddiyyəti araşdırıblar.
Paradoksun əsasında Lüdviq Boltsmanın H-teoremi dayanır. Bu teorem entropiyanın artımını və “zaman oxu” anlayışını izah etsə də, zaman baxımından simmetrikdir. Nəticədə formal olaraq belə çıxır ki, uzun və ardıcıl tarixə malik kainatın formalaşmasındansa, keçmişi olduğuna “inanmış” mürəkkəb bir şüurun — yəni “Boltsman beyninin” təsadüfən yaranması daha ehtimallıdır.
Tədqiqatçılar göstəriblər ki, “Boltsman beyinləri”, zamanın istiqaməti və xatirələrin etibarlılığı ilə bağlı nəticələr fiziki qanunlardan daha çox, hansı zaman anlarını əsas götürməyimizdən asılıdır. Bəzi yanaşmalarda kainatın indiki vəziyyəti sabit qəbul edilir, digərlərində isə Böyük Partlayışla əlaqələndirilən son dərəcə aşağı entropiyalı başlanğıc vəziyyəti əsas götürülür. Fizika qanunları isə bu seçimlərdən hansının “doğru” olduğunu açıq şəkildə göstərmir.
Alimlər “entropiya hipotezi”nə istinad edərək bildiriblər ki, bu mübahisələrdə tez-tez gizli məntiqi dövrə yaranır: keçmişlə bağlı fərziyyələr nəticələri əsaslandırmaq üçün istifadə olunur, sonra isə həmin nəticələr elə həmin fərziyyələrin sübutu kimi təqdim edilir.
Araşdırma paradoksa yekun cavab verməsə də, onun məntiqi strukturunu aydınlaşdırır. Müəlliflər fiziki qanunlarla bizim şərhlərimizi və keçmiş haqqında nəticə çıxarma üsullarımızı bir-birindən ayırmağın vacibliyini vurğulayır və bunun zamanın təbiəti, entropiya və elmi biliklərin sərhədləri barədə gələcək müzakirələr üçün önəmli olduğunu bildirirlər.