“Qarabağ mənim üçün sadəcə coğrafi məkan deyil, doğma yurdumdur” – MÜSAHİBƏ

“İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova ilə müsahibəni təqdim edirik:
– Qarabağ Zəfəri sizin üçün hansı məna daşıyır?
– 27 sentyabrda başlayan Qarabağ savaşımız 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu Zəfər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan tarixi hadisədir. 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun gücü və qüdrəti bütün dünyaya nümayiş etdirildi.
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri öz adlarını tarixə qızıl hərflərlə yazdırdılar. Xalqımız bu Qələbəni böyük qürur və sevinc hissi ilə qarşıladı. Əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqlar, şəhidlərimizin fədakarlığı və Ali Baş Komandanın rəhbərliyi Zəfərimizin əsas sütunları oldu.
– Sizin üçün Qarabağın xüsusi mənəvi əhəmiyyəti var. Bu bağlılığı necə ifadə edərdiniz?
– Qarabağ mənim üçün sadəcə bir coğrafi məkan deyil. Bura doğma yurdum, uşaqlıq xatirələrim və ailəmin kökləri ilə bağlı çox böyük mənəvi dəyər daşıyan torpaqdır. Mən Qarabağlı olduğum üçün bu torpaqların həyatımda xüsusi yeri var.
İnsan doğulduğu torpaqdan uzaqda yaşasa belə, həmin torpağa bağlılığını itirmir. Əksinə, illər keçdikcə doğma yurdun insan üçün nə qədər böyük məna daşıdığını daha dərindən anlayırsan.
– 2021-ci ildə Şuşaya səfəriniz olub. Bu səfər sizin üçün necə keçdi?
– 2021-ci ildə Şuşaya səfər etmək mənim üçün çox duyğulu və unudulmaz hadisə oldu. İllər ərzində həsrətində olduğum, yalnız təsəvvür etdiyim şəhəri canlı görmək tamam başqa hiss idi.
Şuşanın küçələrində gəzmək, həmin torpağın havasını duymaq insanda həm sevinc, həm qürur, həm də keçmişi düşünərkən dərin kövrəklik yaradırdı. Bu səfər mənim yaddaşımda ən qiymətli xatirələrdən biri kimi qalıb.
– Füzuliyə səfəriniz isə sizin üçün daha xüsusi olub...
– Bəli. Şuşadan sonra mənim üçün daha xüsusi bir səfər baş tutdu – doğulduğum Füzuli rayonuna getdim.
İnsan üçün doğulduğu torpağa qayıtmaq çox fərqli hissdir. Mənim üçün bu səfər sanki öz keçmişimlə yenidən görüşmək idi. Doğulduğum torpağı görmək, orada dayanmaq və “mənim doğulduğum yer məhz buradır” demək çox təsirli duyğudur.
Həmin an insan sözlə ifadə etməkdə çətinlik çəkdiyi hisslər yaşayır. Çünki söhbət sadəcə bir rayondan, bir şəhərdən və ya bir kənddən getmir. Söhbət insanın kimliyinin, xatirələrinin və ailə tarixinin bir hissəsindən gedir.
– Sizcə, doğma torpağa qayıdış insanın həyatında nəyi dəyişir?
– Bu səfərlər mənə bir daha göstərdi ki, insanın doğulduğu torpaqla bağlılığı illər və məsafə ilə itmir. Əksinə, zaman keçdikcə həmin bağlılığın dəyərini daha yaxşı anlayırsan.
Füzuliyə qayıtmaq mənim üçün yalnız bir səfər deyildi. Bu, həm də keçmişimə, uşaqlıq xatirələrimə və köklərimə qayıdış idi.
– Qarabağın gələcəyi ilə bağlı gözləntiniz nədir?
– Ən böyük arzum Qarabağın və Şərqi Zəngəzurun tamamilə bərpa olunması, insanların doğma yurdlarına qayıtması və burada təhlükəsiz, rahat həyat qurmasıdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma və məşğulluq imkanlarının yaradılması bu prosesin mühüm hissəsidir.
İnsan doğma torpağına yalnız qayıtmamalıdır, orada yaşamaq, işləmək, ailə qurmaq və gələcəyini qurmaq imkanına da sahib olmalıdır. Qarabağın dirçəldilməsi bu baxımdan böyük tarixi missiyadır.
Mənim üçün Qarabağa qayıdış həm Zəfərin nəticəsi, həm də uzun illər davam edən həsrətin sona çatması deməkdir. Şuşaya və doğulduğum Füzuliyə səfərlərim isə həyatımın ən qiymətli və unudulmaz xatirələri sırasında qalacaq.