Narkotik bəlası: Nəsimi və görünməyən minlərlə qurban

Narkotik sadəcə zərərli vərdiş deyil. O, insanın iradəsini, yaddaşını, şəxsiyyətini, ən nəhayət isə həyatını əlindən alan ağır bir bəladır. Bu bəlanın qurbanları isə təkcə onu qəbul edənlər yox, onların ailələri, yaxınları və cəmiyyətin özüdür.
Bu gün mediada yayılan xəbərlər yenidən bu acı reallığı gündəmə gətirdi. Bildirilir ki, narkotik aludəçiliyindən əziyyət çəkən Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb. Bu xəbər nə sensasiya, nə də təəccüb doğurmalıdır. Çünki narkotik asılılığı olan insan üçün qaçmaq adi haldır – məsuliyyətdən, ağrıdan, reallıqdan, hətta onu xilas etməyə çalışanlardan belə.
Nəsiminin belə bir ömür yaşaması doğrudan da çox təəssüf doğurur. Çünki o, istedadlı bir insandır. Amma narkotik istedadı tanımır, fərq qoymur. O, ən güclünü də diz çökdürür, ən parlaq beyni də qaraldır.
Cəmiyyətdə belə bir fikir var ki, narkotikə qurşananlar zəif iradəli, ağlı çaşmış insanlardır. Bəlkə də bu fikir tam ədalətli deyil, amma bir həqiqət danılmazdır: müalicə üçün ən çox lazım olan şey məhz iradədir. Reabilitasiya mərkəzi, həkim, dərman, nəzarət – bunların hamısı köməkçi vasitədir. Əsas yük yenə də insanın öz üzərinə düşür.
Nəsimi qaçır. İnsanlardan, ətrafından, öz həyatından… hətta sağalmaq üçün gətirildiyi yerdən. Bu qaçış təkcə onun yox, narkotik bataqlığına düşmüş minlərlə insanın qaçışıdır. Onlar çox vaxt hara qaçdıqlarını bilmirlər, amma bildikləri bir şey var: üzləşməkdən qorxurlar.
Amma sual açıq qalır: hara qədər qaçmaq olar?
İnsan özündən nə vaxta qədər qaça bilər?
Bu yazı təkcə Nəsimi haqqında deyil. Bu, narkotikin susdurduğu, sıradan çıxardığı, vaxtsız qocaltdığı bütün gənclər haqqındadır. Bu, bir xəbərdarlıqdır – gec olmadan düşünmək, görmək və nəticə çıxarmaq üçün.
Narkotik bəladır. Ondan xilas yolunun adı isə təkcə müalicə deyil – iradə, dəstək və cəmiyyətin laqeyd qalmamasıdır.