Müəllim işdən ayrıldı
Aytəkin İmanova maaş və sertifikasiya imtahanlarından narazı olduğunu bildirib
Bakının Xətai rayonundakı Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin biologiya müəllimi Aytəkin İmanova öz ərizəsi əsasında işdən ayrılıb.
20 illik pedaqoji təcrübəsi olan müəllim sosial şəbəkədə paylaşım edərək qərarını əməkhaqqının azlığı və sertifikasiya imtahanlarından narazılığı ilə əlaqələndirib.
Müəllim 20 ilini məktəbdə işləməyə həsr etdiyini, lakin əməyinə sərf etdiyi enerji, stress və aldığı məvacib arasında tarazlığın pozulduğunu qeyd edib.
Məsələ ilə bağlı məktəbdən bildirilib ki, Aytəkin İmanova 2006-cı il oktyabrın 25-dən 2026-cı il sentyabrın 11-dək biologiya müəllimi kimi fəaliyyət göstərib.
Qeyd olunub ki, müəllim sentyabrın 10-da məktəbə gələrək öz xahişi ilə işdən azad olunması barədə ərizə yazıb və sentyabrın 11-dən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib.
Məktəbin açıqlamasında bildirilib ki, müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının sayından asılıdır. Aytəkin İmanovanın dərs yükünün az olmasını isə digər peşə, kurs və təlimlərlə məşğul olması ilə əlaqələndirdiyi qeyd edilib.
Həmçinin vurğulanıb ki, müəllimlərin məktəbdəki fəaliyyəti ilə yanaşı, qanunvericiliyin tələbləri çərçivəsində digər təhsil fəaliyyəti ilə məşğul olmasına məhdudiyyət qoyulmur.
