Nazir açıqladı: İkinci sertifikasiya mərhələsində müəyyən dəyişikliklər olacaq
Müəllimlərin ikinci dəfə sertifikasiyaya cəlb olunması zamanı yeni qiymətləndirmə çərçivələrindən istifadə ediləcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Nazir deyib ki, sertifikasiya Azərbaycan təhsili üçün mühüm və müsbət addım olub. Onun sözlərinə görə, 2024-cü ildən etibarən ibtidai təhsilə başlayan uşaqların böyük əksəriyyəti sertifikasiyadan keçmiş müəllimlər tərəfindən tədris olunacaq.
E.Əmrullayev bildirib ki, müəllimlərə qoyulan tələblər dövrün dəyişən şərtlərinə uyğun olaraq yüksələcək.
“Əgər biz təhsilin daha yaxşı keyfiyyətdə olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Təhsil İnstitutu tərəfindən yaxın həftə və aylarda ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək.
Nazirin sözlərinə görə, xüsusilə ibtidai sinif müəllimlərinin oxuyub-anlama bacarıqları əsas qiymətləndirmə istiqamətlərindən biri olacaq.
“İbtidai sinifdə tədris edən müəllimlərimizin oxuyub-anlama bacarıqları yüksək olan insanlar olması bizim üçün çox vacibdir. Əks halda müəllim uşaqları öyrədə bilmir və nəticədə onların göstəriciləri aşağı düşür”, - E.Əmrullayev bildirib.
Nazir qeyd edib ki, yeni yanaşma sertifikasiya suallarının mütləq şəkildə çətinləşdirilməsi demək deyil.
O, həmçinin sertifikasiya nəticələri ilə bağlı maaş yanaşmalarının müzakirə edildiyini deyib. Bildirib ki, bu istiqamətdə qərarlar hazır olduqdan sonra ictimaiyyətə açıqlanacaq.
E.Əmrullayev əlavə edib ki, ikinci sertifikasiya mərhələsinin qiymətləndirmə çərçivəsi əvvəlki mərhələdən əsaslı şəkildə fərqlənməyəcək, lakin müəyyən dəyişikliklər tətbiq olunacaq.
