Təhsildə elektron xidmətlərə maraq artır: yüz minlərlə müraciət qeydə alınıb
Təhsil sahəsində elektron xidmətlərin əhatə dairəsi genişlənməkdədir. Məktəb seçimi, şagird qeydiyyatı, yerdəyişmə və digər proseslərin elektron platformalar üzərindən həyata keçirilməsi valideynlər və şagirdlər üçün xidmətlərin daha çevik və əlçatan təşkilinə imkan yaradır.
“Azərbaycan müəllimi”nin məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı bildirib ki, 2026–2027-ci tədris ili üzrə müxtəlif elektron xidmətlərdən istifadə edən vətəndaşların sayı kifayət qədər yüksəkdir.
Mayın 6-dan başlayan 2026–2027-ci tədris ili üzrə birinci sinfə elektron qəbul prosesi çərçivəsində indiyədək 121 909 nəfər elektron sistem vasitəsilə sorğu yaradıb.
İyulun 10-dan başlayan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat zamanı isə 58 943 nəfər sorğu yerləşdirib. Məktəb və müəllim seçimi Azərbaycan bölməsi üzrə iyulun 21-dən, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə isə iyulun 22-dən aktivləşdirilib.
Avqustun 20-də başlayan şagird yerdəyişməsi prosesi üzrə də artıq 29 482 elektron sorğu yaradılıb. Proses sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Elektronlaşdırma attestatların rəsmiləşdirilməsi prosesini də əhatə edir. Bu günədək 300 minə yaxın məzunun attestatı elektron imza ilə təsdiqlənib.
Bundan başqa, iyulun 7-dən başlayan məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi my.gov.az portalı vasitəsilə həyata keçirilib və indiyədək 44 335 uşaq bağçalara qəbul olunub.
Qeyd olunan göstəricilər təhsil xidmətlərinin rəqəmsallaşdırılmasının artıq geniş miqyasda tətbiq olunduğunu göstərir. Elektron sistemlərin inkişafı həm vətəndaşların vaxt itkisinin qarşısının alınmasına, həm də qəbul və qeydiyyat proseslərinin daha şəffaf və operativ təşkilinə şərait yaradır.
“Azərbaycan müəllimi”nin məlumatına görə, aidiyyəti qurum valideynlərə davam edən proseslərdə müəyyən edilmiş müddətləri nəzərə almağı və tələb olunan prosedurları vaxtında tamamlamağı tövsiyə edib.
Sosial şəbəkələrdə paylaş
