I və IV ixtisas qrupları üzrə qəbul imtahanları təşkil olunub
Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qruplarına qəbul imtahanları keçirilib. Həmçinin III ixtisas qrupunda DT və TC altqruplarını birlikdə seçən namizədlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil edilib.
Mərkəzin yaydığı məlumata əsasən, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Şəki, Mingəçevir, Lənkəran, Quba, Xaçmaz və digər şəhər və rayonlarda baş tutub.
Ölkə üzrə ümumilikdə 212 imtahan binası və 3803 zal istifadə olunub. İmtahanların təşkili və nəzarəti üçün yüzlərlə rəhbər, minlərlə nəzarətçi, bina nümayəndəsi və buraxılış rejimi əməkdaşı prosesə cəlb edilib.
İmtahanların gedişinə nəzarət məqsədilə DİM-də xüsusi operativ qərargah fəaliyyət göstərib. Qərargah imtahan mərkəzləri ilə daimi əlaqə saxlayaraq prosesin qaydalara uyğun həyata keçirilməsini təmin edib. Bütün məntəqələrdə iştirakçıların biliklərini rahat şəkildə nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.
İlkin araşdırmalar zamanı 10 nəfərin üzərində mobil telefon aşkarlanıb və həmin şəxslərin nəticələri ləğv edilərək onlar imtahandan uzaqlaşdırılıblar. Bundan başqa, bir nəzarətçi-müəllimin üzərində ağıllı saat aşkar olunduğundan o da prosesdən kənarlaşdırılıb. Faktlarla bağlı araşdırma davam etdirilir.
Bu imtahanda ümumilikdə 51 min 690 abituriyentin iştirak etməsi planlaşdırılmışdı.
Sağlamlıq imkanları məhdud olan 65 nəfər abituriyent də imtahana qatılıb. Onların rahatlığı üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli şəxslərə fərdi nəzarətçilər təyin olunub. Eyni zamanda, hərəkət məhdudiyyəti olan iştirakçıların bina və imtahan zallarına maneəsiz giriş-çıxışı təmin edilib.
Bu gün saat 15:00-da DİM-in "YouTube" kanalı üzərindən canlı yayım təşkil olunacaq. Yayım zamanı ekspertlər və məsul əməkdaşlar imtahanda istifadə edilmiş test tapşırıqlarını ətraflı şərh edəcək, həmçinin qapalı və kodlaşdırılan açıq tipli sualların düzgün cavablarını açıqlayacaqlar.
Abituriyentlər onları maraqlandıran sualları canlı yayım üçün paylaşılmış keçidin şərh hissəsində ünvanlaya bilərlər.
İyunun 8-dən başlayaraq imtahan materiallarının və protokolların yoxlanılması mərhələsinə start veriləcək. Açıq tipli tapşırıqların qiymətləndirilməsi əlavə vaxt tələb etdiyindən nəticələrin təxminən iki həftə ərzində elan olunacağı gözlənilir.
