Yaxın Şərqdə Gərginlik: İranın Cavab Zərbələri və Tel-Əvivdə Dağıntılar

Yaxın Şərqdə vəziyyət daha da gərginləşir. İran Silahlı Qüvvələrinin İsrail ərazisinə endirdiyi son raket zərbələri ciddi dağıntılara səbəb olub.
Məlumata görə, İranın raket hücumları əsasən İsrail Müdafiə Nazirliyinin qərargahını və Baş Qərargahın yerləşdiyi obyektləri hədəf alıb. Xüsusilə Tel-Əviv şəhərində yerləşən “HaKirya” hərbi kompleksindəki Matcal qülləsi ətrafında ciddi zədələnmələr qeydə alınıb.
İranın Tasnim News Agency tərəfindən yayılan məlumatda iddia olunur ki, zərbələrin təsiri o qədər güclü olub ki, ərazi sanki şumlanmış torpaq sahəsinə çevrilib. Mənbə bunu istehzalı şəkildə “əkin üçün yararlı sahə” kimi təqdim edib.
Qeyd edək ki, gərginlik fevralın 28-də İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslərin öldürülməsindən sonra daha da artıb. İran bu hadisəni cavabsız qoymayaraq ABŞ və İsrail mövqelərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
Hazırda regionda vəziyyət qeyri-sabit olaraq qalır və tərəflər arasında qarşıdurmanın genişlənməsi ehtimalı beynəlxalq ictimaiyyəti ciddi narahat edir.