BMT ABŞ-ın “Marinera” tankerini ələ keçirməsindən sonra eskalasiyanın qarşısını almağa çağırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ qüvvələri tərəfindən “Marinera” tankerinin ələ keçirilməsindən sonra hər hansı əlavə eskalasiyanın qarşısını almağa çağırıb. Urbaninfo.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik TASS-a açıqlamasında bildirib.
Düjarik qeyd edib ki, baş katibin ofisi vəziyyətdən xəbərdardır, lakin mövcud məlumat kifayət etmədiyi üçün “mövcud mövqeyimizdən kənar heç nə söyləmək mümkün deyil”. O, bütün hüquq-mühafizə tədbirlərinin beynəlxalq hüquqa uyğun aparılmasının vacibliyini vurğulayıb və açıq suların təhlükəsizliyinin təmin olunmasını tələb edib.
“Biz istərdik ki, bu məsələdə hər hansı əlavə eskalasiya baş verməsin”, – deyə BMT nümayəndəsi əlavə edib.
Qeyd edək ki, 7 yanvar axşamı M/V Bella 1 (“Marinera”) ABŞ qüvvələri tərəfindən ələ keçirilib. Tanker USCGC Munro sahil patrulu tərəfindən izlənilmiş və ələ keçirilmədən əvvəl təxminən 200–300 km məsafədə, İslandiya sahillərindən cənubda yerləşirmiş. Tanker Murmansk istiqamətində hərəkət edirmiş.
ABŞ “Marinera”nı Venesueladan neft daşınması ilə bağlı sanksiyaları pozmaqda ittiham edib. Bundan əlavə, ABŞ hərbi qüvvələri Karib dənizində “Sophia” tankerini də ələ keçirib.