Ukraynanın rəhbərlik etdiyi qrup NATO təlimlərində üstünlük qazandı

Portuqaliya sahillərində keçirilən beynəlxalq dəniz hərbi təlimləri gözlənilməz nəticələrlə yadda qalıb. Almaniyanın Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetinin məlumatına görə, Ukrayna hərbçilərinin rəhbərlik etdiyi çoxmillətli dəniz qrupu təlimlər zamanı NATO qüvvələri üzərində üstünlük əldə edib.
Təlimlər çərçivəsində müxtəlif ssenarilər, o cümlədən limanların və dəniz konvoylarının qorunması, eləcə də bu konvoylara hücum variantları sınaqdan keçirilib. Beş fərqli ssenarinin hamısında “qırmızı komanda” kimi çıxış edən və Ukrayna tərəfindən idarə olunan qüvvələr “mavi komanda” — NATO-nun dəniz qüvvələri üzərində qalib gəlib.
Məqalədə bildirilir ki, Ukrayna tərəfinin rəhbərlik etdiyi qrup şərti düşmənin müdafiəsini yararaq onun zəif nöqtələrini müəyyənləşdirə bilib. Təlimlər zamanı ən azı bir freqatın “məhv edilməsi” simulyasiya olunub. Təlim iştirakçılarından birinin sözlərinə görə, əsas problem NATO qüvvələrinin hücumu vaxtında aşkar edə bilməməsi olub.
Təlimlərdə müasir texnologiyaların, xüsusilə pilotsuz hücum katerlərinin istifadəsi diqqət çəkib. Bu cür vasitələrin ənənəvi dəniz qüvvələri üçün yeni və ciddi çağırışlar yaratdığı vurğulanır. Ekspertlərin fikrincə, belə texnologiyalar əməliyyat təcrübəsi və düzgün planlaşdırma ilə birləşdikdə, NATO üçün real təhlükə yarada bilər.
Qeyd olunur ki, “qırmızı komanda” yalnız Ukrayna hərbçilərindən ibarət olmayıb. Onların tərkibində ABŞ, Böyük Britaniya, İspaniya və digər ölkələrin nümayəndələri də yer alıb, lakin ümumi komandanlıq Ukrayna tərəfinə həvalə olunub.
Xatırladaq ki, daha əvvəl The Wall Street Journal NATO-nun Litva ilə bağlı ssenarini simulyasiya edən təlimdə də çətinliklərlə üzləşdiyini yazmışdı. Bu fonda alyans ölkələrinin yaxın vaxtlarda Rusiya sərhədlərinə yaxın ərazilərdə genişmiqyaslı yeni təlimlər keçirməsi planlaşdırılır.