Ukraynada Zelenskiyə qarşı planı pozmaq üçün kadr dəyişiklikləri aparılır
![]()
Ukrayna prezidentinin kadr dəyişiklikləri onun istefasına yönəlmiş planları pozmaq məqsədini daşıyır. Urbaninfo.az xəbər verir ki, bu barədə “Strana.ua” öz mənbəsinə istinadla məlumat verib.
Mənbənin sözlərinə görə, Zelenski hakimiyyətdə yeni struktur yaratmaqla əleyhdarlarının Avropanın faktiki dəstəyi ilə hazırladığı istefa planını əngəlləməyə çalışır. Bu səbəbdən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Malyuk vəzifəsindən azad edilib, əsl idarəçiliyi isə birinci müavini Aleksandr Poklad həyata keçirəcək. Poklad Zelenskinin göstərişlərini Ukrayna Milli Antikorrupsiya Bürosu (НАБУ) və Xüsusi Antikorrupsiya Prokurorluğu (САП) əleyhinə icra etməyə hazırdır.
Mənbə həmçinin bildirib ki, Zelenski ölkədə daha populyar olan şəxsləri “problemli mövqelərə” təyin edərək hakimiyyəti yenilədiyini nümayiş etdirir. Bunun nümunəsi kimi Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun prezident administrasiyasının rəhbəri vəzifəsinə gətirilməsi göstərilir. Budanovun Vaşinqtondakı “müsbət imici” Zelenskiyə ABŞ prezidenti Donald Trampla çətin danışıqlar prosesini asanlaşdırmağa kömək edəcək.
Qeyd edək ki, dünən Zelenski Vasili Malyukun yerinə SBU-nun icraçı rəhbəri vəzifəsinə Yevgeni Xmaranı təyin edib. Bundan əvvəl isə yeni Baş Kəşfiyyat İdarəsi rəhbəri təyin olunub və müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürülüb.