Azərbaycanın səbrinin həddi var

Son günlər regionda baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan dövlətinə qarşı yönəlmiş təxribatlar və terror cəhdləri cavabsız qalmayacaq. İki gün əvvəl İranın xarici işlər nazirinin müavini Rəşid Taxt-Rəvançının ağır yaralanması fotosu yayılıb. Bununla İran aşiqləri gündəmi dəyişməyə çalışır.
Amma bu gün Azərbaycanın bütün diplomatlarını İrandan geri çağırması xəbəri yayıldı, yenidən diqqətlər İranın ölkəmizə qarşı namərd addımlarına yönəldi.
Azərbaycanın bütün diplomatlarını İrandan geri çağırması isə faktiki olaraq diplomatik münasibətlərin dondurulması kimi qiymətləndirilir.
Dünəndən etibarən Azərbaycana verilən geniş beynəlxalq dəstək bir çox siyasi mərkəzlərdə ciddi rezonans doğurub. Dünyanın müxtəlif ölkələrindən, müxtəlif səviyyələrdə siyasi və güc strukturlarının nümayəndələri tərəfindən edilən zənglər və açıqlamalar baş verənlərin miqyasını və nəticələrini açıq şəkildə ortaya qoyur. Azərbaycan artıq regionda özünəməxsus, unikal geosiyasi arxitektura qurmuş dövlətdir. Bu reallığı görməməzlikdən gəlmək və ya ona qarşı təzyiq göstərmək istəyən hər kəs bilməlidir ki, bu cəhdlərin nəticəsi çox ağır ola bilər.
Əslində, bu ilk hadisə deyil. İran dövlətinin Azərbaycana və azərbaycanlılara qarşı yönəlmiş düşmənçilik xarakterli addımları tarixdə dəfələrlə müşahidə olunub. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdı. Səfirliyə hücum edən şəxs İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmışdı və Azərbaycan vətəndaşlarına qarşı qanlı terror törətmişdi. Nəticədə bir vətəndaşımız həlak olmuş, digəri isə ağır yaralanmışdı.
Həmin hadisə zamanı Azərbaycan xüsusi xidmət orqanlarının əliyalın əməkdaşı avtomat “Kalaşnikov”, “Molotov kokteyli” və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirə bilmişdi. Terror aktının təxminən 40 dəqiqə davam etməsinə baxmayaraq, nə polis, nə də təhlükəsizlik qüvvələri səfirliyə yaxınlaşmamışdı. Bu fakt həmin hadisənin təsadüfi olmadığını, əksinə, İran dövlət strukturlarının yüksək səviyyəsində planlaşdırıldığını açıq şəkildə göstərirdi.
O zaman Azərbaycan dövləti bu hadisəyə çox sərt reaksiya verdi. Tehrandakı səfirlik təxliyə edildi, diplomatik əlaqələr dayandırıldı. İran tərəfi üzr istəməyə və məsuliyyəti etiraf etməyə məcbur oldu. Hətta uzun müddət cinayətkarı qorumağa çalışan İran hakimiyyəti Azərbaycanın təkidindən sonra terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etməyə məcbur qaldı.
Bu gün də Azərbaycanın mövqeyi dəyişməzdir. Ölkəmiz öz vətəndaşlarına qarşı törədilən terror aktlarını, təxribatları və təhdidləri heç vaxt qəbul etməyəcək. Azərbaycan dövlətinin təhlükəsizliyi və vətəndaşlarının həyatı hər şeydən üstündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, ölkəmizə qarşı törədilən bu cür əsassız terror aktları və təcavüzlər cavabsız qalmayacaq. Silahlı Qüvvələrə artıq müvafiq təlimatlar verilib və zəruri cavab tədbirlərinin hazırlanması istiqamətində işlər aparılır.
Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır. Lakin bu sülh zəiflik üzərində deyil, güc, prinsipiallıq və dövlət maraqlarının qorunması üzərində qurulur. Azərbaycan dövlətinə qarşı barmaq uzadan hər kəs bilməlidir ki, o barmaq qırılmaqla qalmaz – nəticələri daha ağır ola bilər.
Elnurə Abuşova,
AUSD İB-nin rəhbəri