Azərbaycan və Ermənistan XİN rəhbərləri telefon danışığı aparıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan telefon danışığı aparıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı tərəflər regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər narahatlıqlarını ifadə edərək gərginliyin artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıblar, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Ceyhun Bayramov həmçinin Ararat Mirzoyanı ötən gün Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları hücumları barədə məlumatlandırıb. Hücumlar nəticəsində mülki infrastruktura ziyan dəydiyi və mülki şəxslərin zərər gördüyü bildirilib.
Nazirlər eyni zamanda Bakı ilə İrəvan arasında dayanıqlı sülhün təmin olunmasının vacibliyini qeyd edib və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.