Rusiyada reklam verənlərə Telegram-dan çıxmaq çağırışı edilib

Rusiyada reklam verənlərə Telegram platformasını tərk etmək tövsiyə olunub. Bu barədə Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun Şurasının rəhbəri German Klimenko bildirib.
Onun sözlərinə görə, Federal Antiinhisar Xidmətinin (FAS) Telegram-da reklam yerləşdirilməsinin qanunsuz ola biləcəyinə dair açıqlamasından sonra reklamçılar bu platformanı tərk etmək üçün tələsməlidirlər. Ekspert hesab edir ki, dövlət artıq bu məsələ ilə bağlı qərar verib və sadəcə platforma iştirakçılarına yeni resurslara keçmək üçün vaxt tanıyır.
Klimenko qeyd edib ki, yeni platformalara uyğunlaşma aylarla çəkə bilər. O bildirib ki, Meta şirkətinə məxsus sosial şəbəkələrlə bağlı məhdudiyyətlər tətbiq ediləndə reklam məsələsi üzrə izahatlar daha tez və birbaşa verilmişdi.
“Platforma sahiblərinin yerində olsaydım, Telegram-da fəaliyyətlərini tədricən məhdudlaşdırardım. Kanalları saxlamaq olar, amma reklam fəaliyyətini azaltmaq və bu gəlirləri planlaşdırmamaq lazımdır”, – deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, mövcud məhdudiyyətlər fonunda hətta Telegram kanalına verilən link də reklam kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Federal Antiinhisar Xidməti Telegram-da reklam yerləşdirilməsini qanunsuz hesab etdiyini açıqlamışdı. Qurum həmçinin Instagram, Facebook, YouTube, Telegram və WhatsApp kimi platformalarda reklam yerləşdirilməsinə görə həm reklam verənlərin, həm də reklam yayıcılarının məsuliyyət daşıya biləcəyini bildirib.