İran İraq kürdlərinə sərhədi keçəcəkləri halda zərbələr endiriləcəyi ilə hədələyib
İran hakimiyyəti bildirib ki, kürd silahlı qruplaşmaları ölkə sərhədini keçəcəyi təqdirdə İraq Kürdüstanındakı obyektlərə zərbələr endirilə bilər.
Bu barədə İranın Müdafiə Şurasına istinadən Fars xəbər agentliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, “əgər qruplaşmalar İran sərhədini keçərsə, kürd regionundakı bütün obyektlər hədəfə alınacaq”.
Martın 4-də İsrailin i24 televiziya kanalı minlərlə kürd döyüşçünün İrana quru hücumuna başladığını iddia edib. Qısa müddət sonra ABŞ-ın Fox News kanalı da bu məlumatı təsdiqləyib. Lakin daha sonra bir çox kürd rəsmiləri bu xəbərləri təkzib ediblər.
Qeyd olunur ki, kürd qüvvələri əvvəllər ABŞ aviasiyasının dəstəyi ilə İŞİD-ə qarşı döyüşlərdə mühüm rol oynayıb və onların münaqişəyə qoşulması vəziyyətin gedişinə ciddi təsir göstərə bilər.