Peskov Zelenskinin Orbana hədələrinə NATO-nun 5-ci maddəsi ilə bağlı zarafatla reaksiya verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana yönəltdiyi hədələrə ironik reaksiya verib.
Peskov jurnalist Pavel Zarubinin sualını cavablandırarkən zarafatla bildirib: “Artıq NATO-nun 5-ci maddəsini tətbiq etməyin vaxtıdır”.
Xatırladaq ki, martın 5-də Ukrayna prezidenti Zelenski bəyan edib ki, Orban Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan 90 milyard avroluq maliyyə yardımını bloklamağa davam edərsə, hərbi güclə üzləşə bilər. Zelenski həmçinin bildirib ki, Macarıstan baş nazirinin əlaqə məlumatları ukraynalı hərbçilərə verilə bilər və onlar onunla “öz dillərində danışa bilərlər”.
Macarıstan rəsmiləri bu cür bəyanatları qəbuledilməz adlandırıblar. Rusiya Dövlət Dumasında isə bəzi deputatlar Viktor Orbanın həyatının təhlükə altında ola biləcəyini bildiriblər.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto isə qeyd edib ki, Zelenskinin Orbana yönəltdiyi hədələr Ukraynanın “siyasi mədəniyyətini” göstərir.