Heydər Əliyev Beynəlxalq Hava Limanında əlillər üçün şərait niyə standartlara uyğun deyil?

Sosial şəbəkə istifadəçisi Oktay Adıgözəlov Heydər Əliyev Beynəlxalq Hava Limanında əlilliyi olan şəxslər üçün yaradılmış infrastrukturla bağlı ciddi problem qaldırıb. Onun sözlərinə görə, son qeydiyyat zonasında, “Duty Free” mağazasının yaxınlığında yerləşən sanitar qovşaqda əlillər üçün nəzərdə tutulmuş tualet kişilər bölməsinin daxilində yerləşir.
Şikayətçi bildirir ki, o, əlil arabasından istifadə edir və tualetə gedərkən müşayiətçiyə ehtiyac duyur. Müşayiətçi qadın olduqda isə o, məcburən kişilər üçün nəzərdə tutulmuş hissəyə daxil olur. Bu isə həm etik, həm də praktik baxımdan ciddi narahatlıq yaradır. Onun sözlərinə görə, bu hal artıq bir neçə dəfə təkrarlanıb.
Oktay Adıgözəlov hesab edir ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sanitar qovşaqlar ayrıca və hər kəs üçün əlçatan formada təşkil edilməlidir. Çünki müşayiətçinin əks cinsdən olması real və tez-tez rast gəlinən haldır. Mövcud vəziyyət isə bu reallığı nəzərə almır.
Müraciətinə baxmayaraq, o bildirir ki, qurumun elektron poçt ünvanına göndərdiyi şikayətə hələlik cavab verilməyib.
Məsələ ilə bağlı olaraq AZAL - Azerbaijan Airlines və hava limanının aidiyyəti strukturlarının mövqeyi hələ açıqlanmayıb.
Problem təkcə hava limanı ilə bitmir.
Ümumilikdə, ölkədə əlilliyi olan şəxslər üçün infrastrukturun vəziyyəti uzun illərdir müzakirə mövzusudur. Keçidlərdə pilləkənlərin üstünlük təşkil etməsi, pandusların ya ümumiyyətlə olmaması, ya da qeyri-peşəkar və standartdan kənar şəkildə quraşdırılması tez-tez rast gəlinən problemlərdəndir.
Bir çox hallarda panduslar formal xarakter daşıyır – maililik dərəcəsi normativlərə uyğun olmur, təhlükəsizlik elementləri nəzərə alınmır və nəticədə onlar real istifadə üçün yararsız vəziyyətdə qalır. Bu isə əlilliyi olan şəxslərin gündəlik hərəkətini çətinləşdirir və onların ictimai məkanlara çıxış imkanlarını məhdudlaşdırır.
Mütəxəssislər hesab edirlər ki, inklüziv mühitin yaradılması təkcə texniki tələb deyil, həm də sosial məsuliyyətdir. Beynəlxalq hava limanı kimi strateji və ictimai əhəmiyyətli məkanda isə bu standartlara riayət olunması xüsusi əhəmiyyət daşıyır.