ABŞ şəhərlərindəki iğtişaşlar ölkənin parçalanmasının başlanğıcından xəbər verə bilər

Amerika şəhərlərində baş verən iğtişaşlar ABŞ-ın dağılma prosesinin başlanmasına işarə edə bilər. Bu barədə jurnalist Taker Karlson özünün YouTube kanalında yayımlanan verilişində bəyan edib.
“Biz hökumətin sosial strukturunun və bəlkə də bütün ölkənin dağılmasını müşahidə edirik. Bu, həyatımızdakı ən ciddi məqamlardan biridir”, – deyə Karlson bildirib.
O əlavə edib ki, Minneapolis şəhərində miqrantlara qarşı keçirilən reydlər və buna etiraz olaraq baş verən aksiyalar ölkədəki xaosu açıq şəkildə nümayiş etdirir. Jurnalistin sözlərinə görə, bu, hadisələrin ən pis inkişaf ssenarisidir.
Qeyd edək ki, yanvarın 24-də ABŞ İmmiqrasiya Xidmətinin əməkdaşı Minneapolisdə davam edən etiraz aksiyaları zamanı bir nəfəri güllələyib. Həmin vaxt şəhərdə qeyri-qanuni miqrantların aşkarlanması məqsədilə əməliyyat aparılırdı. KİV-in məlumatına görə, yaralanan şəxs tibb işçisi olub və hüquq-mühafizə orqanlarının yerə itələdiyi etirazçı qadına kömək etməyə çalışıb. Federal hakimiyyət isə iddia edir ki, həmin şəxs silahlı olub və agentlərə hücum etməyi planlaşdırıb.
Bu, oxşar ilk hadisə deyil. Bir neçə həftə əvvəl də xidmət əməkdaşları 37 yaşlı bir qadını güllələmişdilər. Baş verənlərdən sonra şəhərdə etiraz aksiyaları yenidən güclənib, ABŞ hökumətini isə mümkün “şatdaun” təhlükəsi gözləyir.