Rusiya və Çin müdafiə nazirləri ordular arasında əməkdaşlığı müzakirə ediblər

Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov Çin Xalq Respublikasının müdafiə naziri Dun Tszyun ilə iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Belousov bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə Çin Xalq Azadlıq Ordusu arasında qarşılıqlı fəaliyyət müdafiə və təhlükəsizlik sahələrində yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, Venesuela və İran nümunələri Rusiya və Çin hərbi qurumlarından təhlükəsizlik sahəsində vəziyyətin daimi təhlilini və adekvat addımlar atılmasını tələb edir.
Rusiya müdafiə naziri bugünkü danışıqların Moskva və Pekin arasında ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə və aktual təhlükəsizlik məsələlərinin müzakirəsi üçün imkan yaradacağına əminliyini ifadə edib.
Öz növbəsində, Çin müdafiə naziri Dun Tszyun dəyişkən beynəlxalq şərait fonunda Çin və Rusiya arasında təmas və əlaqələrin son dərəcə vaxtında və vacib olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, hər iki ölkənin silahlı qüvvələri dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaları layiqincə həyata keçirir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin iqamətgahında olub.