İlham Əliyev Məsud Pezeşkianla görüşüb
Türkmənbaşıda Azərbaycan-İran əməkdaşlığı müzakirə olunub
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı dövlət başçılarının əvvəlki görüşləri və telefon danışıqları məmnunluqla xatırlanıb, Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İrana səfəri və aparılan müzakirələr qeyd olunub.
Məsud Pezeşkian ölkələr arasında tarixi dostluq və qohumluq əlaqələrinin mövcudluğunu vurğulayıb. O, İranda baş verən hadisələr zamanı Azərbaycanın dost və mehriban qonşu kimi nümayiş etdirdiyi mövqeyin yüksək qiymətləndirildiyini bir daha bildirib.
İlham Əliyev İranın qeyri-üzv dövlət kimi ilk dəfə “MDB plyus” formatında iştirakına toxunub.
Söhbət zamanı Ağbənd-Kəlalə layihəsinin icrası ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğu məmnunluqla qeyd edilib.
Həmçinin Bişkekdə dövlət başçılarının son görüşündə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı müzakirə olunan məsələlərin icrası istiqamətində hər iki ölkənin aidiyyəti qurumlarının fəaliyyətini davam etdirdiyi bildirilib.


