Müdafiə Nazirliyində 41 milyon manat geri qaytarılıb
Mənimsənilən 160 milyon manatlıq vəsaitin 38 milyonu istintaq dövründə ödənilib
Müdafiə Nazirliyində mənimsənilən ümumilikdə 160 milyon manat dövlət vəsaitinin 41 milyon manata yaxını dövlətə geri qaytarılıb.
Məlumata görə, həmin məbləğin 38 milyon manatı ibtidai istintaq, 2 milyondan bir qədər çox hissəsi isə birinci və apellyasiya məhkəmələri dövründə ödənilib.
Son apellyasiya iclasında Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə bildirib ki, azadlığa buraxılacağı təqdirdə dövlətə dəymiş ziyanın qalan hissəsini ödəməyə hazırdır. 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Əlizadə artıq 4 ildən çoxdur cəza çəkir.
O, dövlətə dəymiş ziyanın ödənilməsinin həbsdə qalmaqdan daha vacib olduğunu bildirərək azad edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi zabitlərin şikayətlərini təmin etməyib və onların həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.
Məhkumların qərardan kassasiya şikayəti verəcəkləri bildirilir. İş üzrə son qərarı Ali Məhkəmə verəcək.
Qeyd edək ki, dövlətə dəymiş ziyanın 143 milyon manatlıq hissəsi general Nizami Məmmədov və qoşun növlərinin rəislərinin üzərinə düşüb. Məbləğin bir hissəsi isə daha əvvəl məhkum edilmiş zabitlər və iş üzrə digər şəxslər tərəfindən ödənilib.
Nizami Məmmədov dövlətə dəymiş ziyanın 12 milyon manatını ödəyib. Qalan vəsait isə digər təqsirləndirilən şəxslər tərəfindən qaytarılıb.
Bundan əlavə, cinayət işi üzrə təqsirli bilinən şəxslərin əmlakı dövlət nəfinə müsadirə edilib.
