İlham Əliyev Türkmənistan Prezidenti ilə görüşüb
Tərəflər əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
Görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafına verdiyi töhfə qeyd edilib. Bildirilib ki, ötən ildən etibarən iki ölkə arasında ən yüksək səviyyədə beş səfərin baş tutması siyasi dialoqun yüksək intensivliyini nümayiş etdirir.
Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi vurğulanıb.
Tərəflər siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xəzər dənizi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri də diqqət mərkəzində olub.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşünün regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Prezident İlham Əliyev görüş zamanı tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladıb və bu təşəbbüsə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova minnətdarlığını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
