Məşvərət görüşündə iqtisadi əməkdaşlıq
Türkmənistan Prezidenti: Yeni biznes imkanları yaranır
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Mərkəzi Asiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün imkanların artdığını bildirib.
Sərdar Berdiməhəmmədov bu barədə Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılış mərasimində danışıb.
Onun sözlərinə görə, iqtisadiyyatların inkişafı və şaxələndirilməsi, eləcə də texnologiya və keyfiyyət göstəricilərinin yüksəldilməsi biznes tərəfdaşlığının genişləndirilməsinə şərait yaradır.
Türkmənistan Prezidenti Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji sahəsində rolunun getdikcə artdığını qeyd edib. O bildirib ki, bu, Asiya və Avropa ölkələri ilə əməkdaşlıq üçün yeni perspektivlər yaradır.
Sərdar Berdiməhəmmədov ölkələr arasında mənəvi, mədəni və dəyərlər baxımından yaxınlığın gücləndirilməsinin də prioritet olduğunu vurğulayıb.
O, görüş çərçivəsində ölkələrin və xalqların inkişafına xidmət edən məsələlərin müzakirə ediləcəyini bildirib.
