İlham Əliyev Azərbaycan-Türkmənistan əlaqələrindən danışıb
Prezident Füzulidə məscid tikintisini və Mərkəzi Asiya ölkələrinin dəstəyini qeyd edib
Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik inkişaf edir.
Prezident İlham Əliyev bu barədə Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə danışıb.
O bildirib ki, ötən ildən başlayaraq ən yüksək səviyyədə beş səfər həyata keçirilib. Prezident bunu iki ölkə arasında siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirib.
İlham Əliyev Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscidin tikintisini də vurğulayıb. Dövlət başçısı məscidin xalqlar arasında dostluq və mənəvi yaxınlığın təzahürü olduğunu qeyd edib.
Prezident Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin dəstəyini də yüksək qiymətləndirib.
O bildirib ki, Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan isə Ağdamda Manas adına məktəb inşa edib.
