Paşazadə süni intellektlə bağlı çağırış edib
“İnsan ibadət prosesində süni intellektlə əvəz olunmamalıdır”
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə süni intellektin dini sahədə istifadəsi zamanı mənəvi və etik prinsiplərin nəzərə alınmasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, A.Paşazadə bunu Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, süni intellektin insan həyatına geniş şəkildə daxil olması yeni imkanlarla yanaşı, müəyyən risk və problemlər də yaradır.
Onun sözlərinə görə, əsas məsələlərdən biri mümkün fəsadların qarşısının alınması və mənəvi-etik hədlərin qorunmasıdır.
“Süni intellektin ruhu olmadığı üçün insanı ibadət prosesində əvəz etməməlidir. Bu baxımdan, dini sahədə süni intellektdən istifadənin etik kodeksinin təqdimatını yüksək qiymətləndirirəm”, - deyə A.Paşazadə qeyd edib.
Şeyxülislam iqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolundan da danışıb. O, COP29 zamanı Bakıda keçirilən dini liderlərin zirvə görüşünün yekun sənədində bu məsələyə dair mövqenin ifadə olunduğunu bildirib.
