Özdağdan Azərbaycanla bağlı çağırış
Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ sosial şəbəkələrdə Azərbaycan əleyhinə yayılan paylaşımlara münasibət bildirib.
Ü.Özdağ videomüraciətində son günlər Azərbaycanı və Türkiyə-Azərbaycan münasibətlərini hədəf alan kampaniyanın aparıldığını deyib.
O bildirib ki, bu kampaniyanın arxasında müxtəlif ölkələrin kəşfiyyat strukturlarının dayandığını ehtimal edir.
Ü.Özdağ Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, iki ölkənin “bir millət, iki dövlət” anlayışı ilə bağlılığını vurğulayıb.
Siyasətçi Azərbaycanın müstəqil dövlət olduğunu xüsusi qeyd edərək, ölkənin xarici və daxili siyasətini müstəqil müəyyən etmək hüququna malik olduğunu bildirib.
“Azərbaycan Türkiyənin və yaxud Ədalət və İnkişaf Partiyası iqtidarının bir əyaləti deyil”, - deyə o bildirib.
Ü.Özdağ Azərbaycanın İsraillə münasibətlərinə görə tənqid edilməsinin düzgün olmadığını da söyləyib. Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətinə münasibətdə bu ölkənin müstəqilliyi nəzərə alınmalıdır.
Partiya sədri sosial şəbəkələrdə Azərbaycanı təhqir edən və ölkə əleyhinə təxribat xarakterli paylaşımlar edən hesablarla bağlı tədbir görülməsinə çağırıb.
