Azərbaycan Ermənistanı itkinlərlə bağlı məlumatları açıqlamağa çağırıb
Əli Nağıyev: İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı bütün məlumatları təqdim etməli olduğunu bildirib.
Ə.Nağıyev bu barədə “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da danışıb.
O bildirib ki, Azərbaycan tərəfi azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif edib.
Qeyd olunub ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi 50 erməniəsilli itkin şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında aparılan ekspertizalar uyğunluq göstərməyib.
Ə.Nağıyev deyib ki, hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırdırlar. Bunun üçün isə dəqiq və tam məlumatların təqdim edilməsi vacibdir.
Onun sözlərinə görə, Ermənistan kütləvi və fərdi dəfn yerləri, itkin azərbaycanlıların taleyi barədə məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır.
Dövlət Komissiyasının sədri vurğulayıb ki, insan talelərinə dair məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.
