Prezidentdən itkin düşmüş azərbaycanlılarla bağlı çağırış
İlham Əliyev Ermənistanın məlumatları təqdim etməli olduğunu bildirib
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində itkin düşmüş şəxslər məsələsinin silahlı münaqişələrin ən ağır humanitar nəticələrindən biri olduğunu bildirib.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Dialoqu dövlətlər, beynəlxalq təşkilatlar və mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması və problemin beynəlxalq gündəmdə saxlanılması baxımından mühüm platformadır.
Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən hərbi təcavüzü nəticəsində 4 010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb.
“Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır”, - deyə müraciətdə qeyd olunub.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib. Ekspertizaların nəticələrinə əsasən, qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığı müəyyənləşdirilib.
Dövlət başçısı vurğulayıb ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dayanıqlı sülhün təmin olunmasının mühüm elementlərindən biridir.
İlham Əliyev Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi və dəfn yerləri ilə bağlı məlumatları təqdim etməli olduğunu bildirib:
“İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır”.
Prezident, həmçinin BMT və digər beynəlxalq təşkilatları bu istiqamətdə səyləri artırmağa çağırıb. O, axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza və ailələrə dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab etdiyi bildirilib.
