İlham Əliyevdən Pre-COP Liderlər tədbirinə müraciət
Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyi davam etdirəcək
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət edib.
Dövlət başçısı müraciətində iqlim dəyişmələrinin qlobal miqyasda yaratdığı problemlərdən və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi çətinliklərdən bəhs edib.
Prezident qeyd edib ki, Azərbaycan da Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və daşqınlar kimi iqlimlə bağlı çağırışlarla üzləşir.
İlham Əliyev bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri qlobal istixana qazları tullantılarında cüzi paya malik olsalar da, iqlim dəyişmələrinin onların iqtisadiyyatına, infrastrukturuna və ekosistemlərinə təsiri daha ağırdır.
Azərbaycanın COP29 Sədrliyi çərçivəsində bu dövlətlərin prioritetlərini diqqətdə saxladığını bildirən Prezident 2024-cü ildə Bakıda İqlim Dəyişmələri üzrə Liderlər Sammitinin keçirildiyini xatırladıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu ölkələrə yalnız çoxtərəfli platformalarda deyil, ikitərəfli əməkdaşlıq çərçivəsində də dəstək göstərir. Su təchizatı, ərzaq təhlükəsizliyi, mədəni irsin bərpası və təbii fəlakətlərin nəticələrinin azaldılması istiqamətində layihələr həyata keçirilib.
Müraciətdə Azərbaycanın Təhsil Qrantı Proqramı çərçivəsində 10-dan çox inkişaf etməkdə olan kiçik ada dövlətinin vətəndaşlarının Azərbaycandakı universitetlərdə təhsil aldığı da qeyd olunub.
İlham Əliyev Azərbaycan və Millətlər Birliyi arasında imzalanmış Birgə Bəyannaməyə əsasən, Azərbaycan tərəfindən beş il ərzində 10 milyon ABŞ dolları həcmində yardım göstərildiyini bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəyliyini davam etdirəcək və onların iqlim dəyişmələrinə dayanıqlılığının artırılması istiqamətində səylərini dəstəkləyəcək.
İlham Əliyev Türkiyə və Avstraliyanın COP31 Sədrliyinə Azərbaycanın tam dəstəyini ifadə edib və tədbirin uğurla keçirilməsini arzulayıb.
