İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.
E.Berxtold etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində çıxış edib. Səfir diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini bildirib.
Dövlət başçısı onun Azərbaycan dilində danışmasını məmnunluqla qarşılayıb.
Prezident İlham Əliyev Azərbaycan-Avstriya münasibətlərinin siyasi, iqtisadi, investisiya və mədəni sahələrdə inkişaf etdiyini qeyd edib. O, gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğunu bildirib və Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə toxunulub. Cari ilin yanvarından Azərbaycan qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla qeyd edilib.
Səfir ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylə çalışacağını bildirib. Prezident İlham Əliyev isə ona fəaliyyətində uğurlar arzulayıb.

