Azərbaycanda yeni dərman istehsalı müəssisəsi fəaliyyətə başlayıb
Zavodun illik istehsal gücü 60 milyon qutudur
Prezident İlham Əliyev oktyabrın 5-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalarının, o cümlədən Pirallahı Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılan Pirallahı Sənaye Parkında hazırda 6 rezident fəaliyyət göstərir. Parkın yaradılmasında əsas məqsədlərdən biri əczaçılıq məhsullarının yerli istehsalını genişləndirmək və idxaldan asılılığı azaltmaqdır.
“Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin təsisçisi Abidin Gülmüş müəssisənin fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, layihənin ümumi investisiya dəyəri 113,9 milyon manatdır. Layihəyə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 13,2 milyon manat investisiya yatırılıb, həmçinin 10 milyon manat güzəştli kredit ayrılıb.
5,2 hektar ərazidə yerləşən müəssisədə ildə 60 milyon qutu dərman, 2,5 milyard tablet və kapsul istehsal etmək mümkündür.
Müəssisədə müxtəlif istiqamətlər üzrə, o cümlədən kardiologiya, nevrologiya, urologiya, diabetologiya, qastroenterologiya, ağrıkəsici və antibiotik preparatlarının istehsalı həyata keçiriləcək.
İstehsalın növbəti 5 il ərzində genişləndirilməsi və 500-dən çox preparatın lokallaşdırılması planlaşdırılır.
Məhsulların daxili bazarla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrə ixracı nəzərdə tutulur.
Zavodda 178 nəfər daimi işlə təmin ediləcək. Həmçinin Qarabağ Universiteti və Azərbaycan Tibb Universiteti üçün müəssisədə tədris bazası yaradılıb.



