Azərbaycan BMT tədbirində təcrübəsini təqdim edib
Həsən Mansurov kibercinayətkarlıqla mübarizədən danışıb
BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 15-ci Konqresi çərçivəsində kibercinayətkarlıqla mübarizəyə həsr olunmuş tədbir təşkil edilib.
Bu barədə Azərbaycanın Vyanadakı BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və BMT-nin rəsmi hesabları məlumat yayıb.
“İmzalanmadan icraya: BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə Azərbaycan da iştirak edib.
Konvensiyanı ratifikasiya edən ilk ölkələrdən biri olan Azərbaycanın tədbirdə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsən Mansurov tərəfindən təmsil olunduğu bildirilib.
H.Mansurov çıxışında kibercinayətkarlığın qarşısının alınması və onunla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Konvensiyaya qoşulma prosesi və milli qanunvericiliyin uyğunlaşdırılması üzrə təcrübəsini digər tərəfdaşlarla bölüşməyə hazır olduğu qeyd edilib.
BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresi UNODC-nin təşkilatçılığı ilə beş ildən bir keçirilir.
