TDT-nin əlaqələri genişlənir
Baş katib təşkilatın gələcək hədəflərini açıqlayıb
Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq və regional təşkilatlarla, üçüncü ölkələrlə və digər tərəfdaşlarla əlaqələri genişlənir.
Bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə yaydığı bəyanatda bildirib.
O qeyd edib ki, Naxçıvan Sazişinin imzalanmasından ötən 17 il ərzində türk dövlətləri arasında əməkdaşlıq əhəmiyyətli dərəcədə inkişaf edib. Hazırda TDT çərçivəsində əməkdaşlıq 64 mexanizmi əhatə edir.
Baş katibin sözlərinə görə, təşkilatın transformasiyası yalnız əməkdaşlıq mexanizmlərinin sayının artması ilə deyil, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsi ilə də xarakterizə olunur.
“Bizim siyasi məsləhətləşmələrimiz daha məzmunlu olub, institusional şəbəkələrimiz güclənib, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla əlaqələrimiz isə genişlənməyə davam edib”, - deyə K.Ömüralıyev bildirib.
O vurğulayıb ki, TDT çərçivəsində əməkdaşlıq regional sabitlik, bağlantılar, davamlı inkişaf, dialoq və beynəlxalq əməkdaşlıq istiqamətlərində də mühüm imkanlar yaradır.
Baş katib “Türk Dünyası Baxışı – 2040” sənədinin təşkilatın uzunmüddətli istiqamətini müəyyən etdiyini bildirib.
Onun sözlərinə görə, qarşıdakı illərdə iqtisadi və fiziki bağlantıların dərinləşdirilməsi, texnoloji transformasiyanın inkişaf etdirilməsi, cəmiyyətlərin dayanıqlığının və rifahının artırılması, gənc nəslə investisiyaların gücləndirilməsi əsas prioritetlərdən olacaq.
K.Ömüralıyev qeyd edib ki, daxili əməkdaşlığın gücləndirilməsi TDT-nin beynəlxalq tərəfdaşlığının da genişlənməsinə şərait yaradır.
