Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyi 4 maya qədər uzatdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində hərbi vəziyyət və səfərbərliyin uzadılması haqqında qanunu imzalayıb. Sənədlər Ukrayna parlamentinin saytında dərc olunub.
Qanuna əsasən, hərbi vəziyyət və səfərbərlik 90 gün müddətinə, yəni 4 may 2026-cı ilədək uzadılıb.
14 yanvar tarixində Ukrayna deputatı Yaroslav Jeleznyak bildirib ki, Verxovnaya Rada Ukraynada hərbi vəziyyət və səfərbərliyin 90 gün müddətinə uzadılmasını dəstəkləyib. Qərara 333 deputat səs verib. Əvvəlki fərmanların qüvvəsi 3 fevrala qədər idi.
Dekabr ayında Zelenski vurğulamışdı ki, mümkün atəşkəs başlasa belə, hərbi vəziyyət və səfərbərliyi dərhal ləğv etməyəcək, bunu yalnız təhlükəsizlik zəmanətləri alındıqdan sonra edəcək. Prezident qeyd edib ki, bu zəmanətlər Kiyevin tərəfdaşlarının monitorinqi və iştirakı ilə təmin olunmalı və silahlı qarşıdurmanın bitməsi barədə razılaşmalarla eyni vaxtda əldə edilməlidir.