Bakıda AQEM panelində Azərbaycan sədrliyi müzakirə edilib
Çıxışlarda rəqəmsal inkişaf və regional əməkdaşlıqdan danışılıb
Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunda “Azərbaycan sədrliyi: Təşəbbüslər, Əməkdaşlıq, Nəticələr” adlı panel sessiyası keçirilib.
Panelin moderatoru “ANEWZ” beynəlxalq xəbər telekanalının baş redaktor müavini Orxan Amaşov olub.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Azərbaycanın AQEM-ə sədrliyi müddətində iqtisadi inkişaf, rəqəmsallaşma, nəqliyyat və ekoloji dayanıqlılıq istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu bildirib.
O, qarşıdakı dövrdə rəqəmsal transformasiya üzrə ixtisaslaşmış təlim proqramlarının keçiriləcəyini qeyd edib.
Sədaqət Qəhrəmanova medianın müasir dövrdə rolundan danışaraq onun etibarlı informasiyanın yayılması və ictimai dəyərlərin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
RTÜK sədri Mehmet Danış Türkiyənin AQEM-in beynəlxalq təşkilata çevrilməsini dəstəklədiyini açıqlayıb. O, çoxtərəfli platformalara inamın azaldığı bir vaxtda AQEM kimi qurumların rolunun artdığını deyib.
Fərhad Məmmədov isə AQEM-in beynəlxalq təşkilata çevrilməsi perspektivinə toxunaraq qlobal qeyri-sabitlik şəraitində regional təşkilatların əhəmiyyətinin yüksəldiyini bildirib.
Panel fikir mübadiləsi ilə davam edib.
