Xələf Xələfov: Beynəlxalq hüquq ədalətli dünya nizamının əsas təminatıdır
O, media sahəsində əməkdaşlığın və dezinformasiyaya qarşı birgə səylərin vacibliyini qeyd edib
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunda çıxış edib.
X.Xələfov bildirib ki, forum AQEM məkanında dialoq, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm platformadır.
Onun sözlərinə görə, media sahəsi Azərbaycan sədrliyinin AQEM gündəliyində prioritet istiqamətlərdən biridir. Bu çərçivədə əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsi və dezinformasiyaya qarşı birgə mübarizənin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
“Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir”, – deyə X.Xələfov qeyd edib.
O vurğulayıb ki, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli hazırkı dövrdə xüsusi əhəmiyyət daşıyır.
X.Xələfov Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa etdiyini bildirib.
Prezidentin nümayəndəsi qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat və sülh sazişinin paraflanması uzunmüddətli münaqişədən sonra etimadın qurulmasının mümkün olduğunu göstərib.
O, Ermənistanın sülhün hüquqi öhdəliklər əsasında möhkəmləndirilməsi istiqamətində lazımi addımları atmasının vacibliyini vurğulayıb.
