Prezident mediada məsuliyyətin artırılmasının vacibliyini vurğuladı
İlham Əliyev dezinformasiya və saxta məlumatlarla bağlı çağırış edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən AQEM Media Forumunun iştirakçılarına müraciət edib.
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən forumla bağlı müraciətində Prezident bildirib ki, müasir dünya sürətlə dəyişən geosiyasi reallıqlar və yeni təhlükəsizlik çağırışları ilə üzləşir.
Dövlət başçısı diqqətə çatdırıb ki, rəqəmsal dövrdə yayılan informasiya dövlətlər və cəmiyyətlər arasında münasibətlərə təsir edə bilər.
Onun sözlərinə görə, media ictimai rəyin formalaşmasına, etimad və anlaşmanın möhkəmlənməsinə, eləcə də dialoq və əməkdaşlığın inkişafına təsir edən mühüm vasitədir.
İlham Əliyev dezinformasiyanın geniş yayılmasının və süni intellektdən istifadə etməklə saxta informasiya hazırlanmasının ictimai etimada mənfi təsir göstərə biləcəyini qeyd edib.
Prezident sosial media və rəqəmsal platformaların rolunun artması fonunda media subyektlərinin hesabatlılığı və məsuliyyətinin daha da yüksəldiyini bildirib.
O vurğulayıb ki, etibarlı informasiya bütün informasiya mühitinin əsas keyfiyyət göstəricilərindən biri olmalıdır.
Dövlət başçısı dövlət qurumları, media, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
