Prezidentdən AQEM Media Forumuna müraciət
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən AQEM Media Forumunun iştirakçılarına müraciət edib.
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusuna həsr olunan Forumda Prezidentin müraciətini onun köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.
İlham Əliyev müraciətində AQEM-in 28 üzv dövləti birləşdirən və Asiya qitəsinin 90 faizini əhatə edən mühüm dialoq platforması olduğunu bildirib.
Qeyd olunub ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə qarşılıqlı etimadın möhkəmləndirilməsi, təşkilatın institusional imkanlarının artırılması və praktiki əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Prezident Azərbaycanın təşəbbüsü ilə ilk AQEM Media Forumunun Bakıda keçirilməsini mühüm hadisə kimi qiymətləndirib.
Dövlət başçısı medianın müasir dövrdə yalnız informasiya mübadiləsi vasitəsi olmadığını, ictimai diplomatiya, qarşılıqlı anlaşma və regional əməkdaşlıq baxımından da mühüm rol oynadığını vurğulayıb.
İlham Əliyev bildirib ki, sürətlə dəyişən geosiyasi reallıqlar və rəqəmsal informasiya mühitinin genişlənməsi medianın üzərinə düşən məsuliyyəti artırır.
Onun sözlərinə görə, dezinformasiyanın yayılması və süni intellekt texnologiyalarından sui-istifadə yolu ilə saxta materialların hazırlanması ictimai etimada mənfi təsir göstərə bilər.
Prezident media institutlarının peşəkarlığı və obyektivliyinə olan tələblərin artdığını, dövlət qurumları, media, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
İlham Əliyev AQEM Media Forumunun üzv dövlətlərin media qurumları arasında əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Prezident Forum iştirakçılarına uğurlar arzulayıb.
