AQEM Media Forumu Bakıda toplanıb
Kayrat Sarıbay və Mehmet Danış regional əməkdaşlığın əhəmiyyətindən danışıb
Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu işə başlayıb.
Tədbir Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilir.
Forumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər nümayəndələr iştirak edirlər.
AQEM Baş katibi Kayrat Sarıbay çıxışında forumun təşkilini regional dialoq baxımından mühüm addım kimi qiymətləndirib.
O, AQEM çərçivəsində ilk dəfə belə toplantının keçirildiyini qeyd edərək tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
K.Sarıbay Azərbaycanın AQEM-ə sədrliyi dövründə platformanın fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü deyib.
Baş katibin sözlərinə görə, AQEM-in 28 üzv dövləti müxtəlif milli təcrübələrə malik ölkələri bir araya gətirərək dialoq və əməkdaşlıq üçün imkan yaradır.
O bildirib ki, qarşılıqlı etimadın formalaşmasında ardıcıl təmaslar və birgə fəaliyyət mühüm rol oynayır.
Forumun panel sessiyalarından birində Türkiyənin Radio və Televiziya Baş İdarəsinin sədri Mehmet Danış da çıxış edib.
“Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlığın nəticələri” panelində danışan M.Danış qlobal çağırışların çoxtərəfli strukturlara ehtiyacı artırdığını bildirib.
O qeyd edib ki, müasir dövrdə beynəlxalq problemlərin həlli yalnız ayrı-ayrı dövlətlərin səyləri ilə mümkün deyil.
RTÜK sədri Türkiyənin AQEM-in təsisçi üzvü olduğunu və 20 ildən artıqdır təşkilatın fəaliyyətinə fəal töhfə verdiyini diqqətə çatdırıb.
