Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığı genişlənir
2027-ci il üçün yeni əməkdaşlıq planı imzalanıb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov ilə görüşüb.
Müdafiə Nazirliyinin məlumatına görə, görüş sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirilib.
Görüşdə Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib. Tərəflər hərbi təhsil və hərbi-texniki sahələrdə əlaqələrin genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Özbəkistanın müdafiə naziri “Birliyin Gücü-2026” birgə hərbi təliminin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
Bildirilib ki, Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti “ADEX-2026” sərgisində və “Birliyin Gücü-2026” təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak etmək üçün Azərbaycana gəlib.
Görüşün sonunda Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında 2027-ci il üçün “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalanıb.
